Son gündür sosial şəbəkələrdə vətəndaşlar iyul ayı üçün elektrik enerjisi sərfiyyatında görə ödənişin əvvəlki aylarla müqayisədə bir neçə dəfə çox gəldiyini bildiriblər. İnsanlar sayğaclara müdaxilələrin olmasından şübhələnirlər.

Open.az xəbər verir ki, ekspert Osman Gündüz məsələ ilə bağlı “Ağıllı sayğac” lara qarşı ciddi ittihamların çox olduğunu bildirib.

Onun sözlərinə görə, hətta elə ölkələr olub ki geriyə, köhnə sayğaclara keçid təklif olunub: "Köhnə sayğaclardan “ağıllı sayğac” ın əsas fərqi odur ki, onun sadəcə yaddaşı var və ekranda olan məlumatlar, gündəlik sərfiyyat hər gün mərkəzi serverə, yəni Azərişıq-a ötürülür. Sistem elə qurulub ki, Azərişıq uzaqdan sayğaca müdaxilə edə və onu dayandıra bilər. Ötürülmə kanalı da elə özlərinin elektrik xətləri və ya mobil şəbəkə üzərindən də ola bilir. Buradan belə qənaətə gəlmək olar ki, sayğacların düz işləməmisi və sərfiyyatın çox yazılması ilə bağlı problem aşağıdakı səbəblərdən yarana bilər :

1. “Ağıllı sayğac”ların özündə problem var və standarta uyğun deyil, ehtimal ola bilər ki hansısa səbəbdən iş prinsipi pozulub. Yəni, sərfiyyatı sadəcə düz hesablamır.

2. “Azərişıq”ın informasiya sisteminə, şəbəkəsinə kənardan qeyri-qanuni müdaxilə olub. Sayğaclardan ötürülən məlumatlar ola bilər ki, başqa alternativ bir “billing sistem”ə yönləndirilib və başqa hesablama aparılıb. (Vaxtilə ölkənin beynəlxalq telefon trafikində belə kənar yönləndirmə ilə milyonlar qazananlar oldu)

3. İnsan amili rol oynayıb. Yəni “manual” olaraq sayğaclara kənar müdaxilə olunub. Amma problem kütləvi olduğundan özümə də bu inandırıcı gəlmir.

4. Ola bilər k, “Azərişıq”ın “real billing” sistemində və ya ötürmə kanallarında problem yaşanıb. Güman ki, hansısa səbəbdən məlumatların ötürülməsində kəsinti olub. Və rəsmilər də “manual” olaraq ortalama hesablaşma aparıblar. Bu ortalama hesablamalar üzrə olan bildirişlərdə də əvvəlkilərlə müqayisədə ciddi fərqlər olub. Mənə daha çox bu variant inandırıcı gəlir.

5. Sosial mediada bəzən səslənir ki, bu, Azərişıq tərəfindən məqsədyönlü olaraq, investisya xərclərini qarşılamaq üçün edilib. Qeyd edim ki bu hədsiz, çox böyük risk olardı, bu baxımdan inandırıcı deyil. Amma texniki-texnoloji cəhətdən reallaşdırmaq mümkündür.

Şəfiqə