2018/2019-cu tədris ili yekunlaşıb. 2019/2020-ci tədris ilinin başlamasına isə sayılı günlər qalıb.

Open.az ötən dövrün nəticələri və olanlar barədə təhsil eksperti Nadir İsrafilovla müsahibə edib. Sözügedən müsahibənin ikinci hissəsini (Əvvəli burda) təqdim edirik:

- İxtisas seçimləri ilə bağlı abituriyentlərə məsləhətiniz nədir?

- Artıq abituriyentlərin 32 mindən çoxu öz seçimini edib, əgər buna seçim demək olarsa...Loru dildə desək, hazırda, yəni mövcud qaydalar çərçivəsində seçimi abituriyent deyil, onun topladığı bal müəyyən edir. Yaşlı və orta nəslin nümayəndələri xatırlayarlar ki, o qədər də uzaq olmayan bir dönəmdə orta məktəblərdə təlim-tərbiyə işləri ilə yanaşı geniş peşə yönümü işi aparılardı. Həmçinin, şagirdləri ayrı-ayrı peşələrə istiqamətləndirmək üçün nəzəri və praktiki tədbirlər həyata keçirilərdi. Daha konkret desək, seçimin bünövrəsi hələ orta məktəb partası arxasında qoyulardı. Yəni, müəllim olmaq istəyən sənədlərini o zaman Pedaqoji İnstitut adlanan ali təhsil müəssisəsinə, həkim olmaq istəyən Tibb İnstitutuna, mühəndis olmaq istəyənlər “Politexnik” adlanan texniki instituta, aqronom, zootexnik və digər kənd təsərrüfatı peşələrini seçənlər də hazırda “Aqrar Universitet” adlandırılan Kənd təsərrüfatı institutuna verərdi. Klassik qiymətləndirmə mexanizminin tətbiqi zamanı bal toplamaq dalınca qaçmırdılar. O vaxtlar “Təhsilimiz repetitorların çiynində inkişaf edir” kimi tezislər də səsləndirilmirdi. Bu əcnəbi termin geniş ictimaiyyət üçün yad bir anlayış idi. İndi beynəlxalq təhsil sisteminə inteqrasiya etməklə, əlavə təhsil proqramları həyata keçirmək, fundamental və tətbiqi elmi tədqiqatlar aparmaq, çox spektrli sahələrlə məşğul olmaq kimi səlahiyyətlər verməklə institutları universitetlərə çevirərək onları birbaşa funksiyalarından – konkret ixtisaslar üzrə ali təhsilli mütəxəssis hazırlamaq vəzifəsindən yayındırmışıq. Abituriyentlərə bir neçə ixtisas və ali məktəb seçmək hüququ verməklə, həkim olmaq istəyəni bioloqa, hüquqşünas olmaq istəyəni tarixçiyə, tarixçi olmaq istəyəni kitabxanaçıya çevirmişik. Nəticədə çarəsiz ”zorən” diplomçular ordusu yaranıb. İş o yerə çatıb ki, əksəriyyət məzun seçim etməkdə tərəddüd edir, gözləmə mövqeyi tutur. Hətta 600 bal belə toplayanın ödənişsiz ixtisaslara qəbul olunması sual altına düşür. Prosedurun bu qədər qəlizləşdirilməsi kimə və nəyə lazım idi... Həmçinin sosial ədalət prinsipinə etinasızlıq və biganəlik nümayiş etdirərək, peşə və ixtisasları “prestijli” və “prestijsiz” kateqoriyalarına bölməklə, ixtisas seçimini abituriyentin istək və arzusuna deyil, onun topladığı “balın kəramətinə” bağlamışıq. Kimin Bakıda, kimin Naxçıvanda təhsil alacağı da balın hökmü ilə müəyyən olunur. Bu halda hansı ixtisas seçimindən söhbət gedə bilər? Hələ qabiliyyət imtahanları ilə bağlı yaşanan üzüntülü məqamlar bir yana qalsın, bu tamam başqa bir söhbətin mövzusudur. Ümumiyyətlə ixtisas seçimindəki, müəyyən ədalətsizlik və neqativ sayıla biləcək hallar barədə çox danışmaq olar. Hesab edirəm ki, elə bu kifayət edər.

- Növbəti illərdə hansı dəyişikliklər ola bilər?

- İstənilən dəyişiklik ola bilər. Ölkə başçısının 24 oktyabr 2013–cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” və bununla əlaqədar hazırlanmış “Fəaliyyət planı”nda həllini gözləyən çox məsələlər var.

- Növbəti qəbul imtahanları artıq kurikulum sistemi ilə təhsil alan abituriyentlər üçündür. Həm valideynlərə, həm də şagirdlərə maraqlıdır ki, yeni model imtahanlar necə keçiriləcək?

- “Əgər əvvəllər təhsil alanların nəzəri bilikləri qiymətləndirilirdisə, yeni sistemə əsasən, biliklərin tətbiqi üzrə bacarıqlar qiymətləndiriləcək". Bunu sabiq təhsil naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı bildirib. Məlum olduğu kimi, 20 sentyabr 2017-ci il tarixində Dövlət İmtahan Mərkəzində Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, DİM-in digər məsul işçiləri və təhsil nazirinin müavini Ceyhun Bayramovun başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Görüşdə 2019-cu ildə tətbiqi nəzərdə tutulan tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının yeni modelinin yekun müzakirəsi aparılıb və ümumi razılıq əldə edilib.

Düzdür, bir müddət öncə DİM sədri Məleykə Abbasadə kurikulum əsasında təhsil alan uşaqların iki ildən sonra yeni model üzrə aparılacaq buraxılış və qəbul imtahanlarında müəyyən dəyişikliklərin konkret olaraq nədən ibarət olmasına aydınlıq gətirib. Amma növbəti ildən tətbiq olunacaq yeni modelə ictimai münasibət heç də birmənalı olmayıb. Müxtəlif iradlar, mülahizələr, rəylər, təkliflər səsləndirilib ki, bunu da təbii qəbul etmək lazımdır. Bununla belə artıq bəyan edildiyi kimi 2019-cu ildə də buraxılış imtahanlarında fənlər builki buraxılış imtahanındakı fənlər olacaq. Buraxılış imtahanının formatı necə olubsa, yenə həmin format nəzərdə tutulub. Sadəcə olaraq yeni modelə əsasən buraxılış imtahanında şagirdlərin topladığı nəticələr həmin ilin qəbul imtahanlarında topladığı nəticələrin üstünə gələcək ki, bu da ümumi nəticə əldə olunmasına xidmət edəcək. Təbii ki, orda yalnız qapalı testlər yox, yeni növ tapşırıqlar da əksini tapacaq. Göründüyü kimi imtahan prosesinə belə bir yanaşmada nəsə bir mürəkkəblik və ya hansısa bir mənfi təzahür axtarmağa ehtiyac qalmır. Əksinə belə bir yanaşma prosesin daha da sadələşməsinə və obyektivliyinə xidmət edə bilər. Bu vaxta qədər mövcud olan buraxılış və qəbul imtahanlarının nəticələrinin proporsional bölgüsündəki ziddiyyətləri aradan qaldırar. “Əgər əvvəllər təhsil alanların nəzəri bilikləri qiymətləndirilirdisə, yeni sistemə əsasən biliklərin tətbiqi üzrə bacarıqlar qiymətləndiriləcək” fikrinə qalınca isə, bəli, təhsil təkcə bilikdən ibarət deyil, bacarıq və vərdişləri qiymətləndirmək üçün isə testin imkanları məhduddur. Düzdür, açıq testləri cavablandırmaqda məktəblilər müəyyən çətinliklərlə üzləşirlər, bununla belə artıq bu istiqamətdə müəyyən işlər aparılıb. 9-cuların imtahanlarına esse daxil edilib, imtahanlarda açıq testlərin xüsusi çəkisi artırılıb və təbii ki, bundan sonra da yeni modelə hazırlıq istiqamətində lazımi addımlar atılacaqdır. Ən önəmlisi isə mərhələlər üzrə şagirdlərin oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq üçün açıq və qapalı tipli tapşırıqlardan, yazı işlərindən, riyazi bacarıqları yoxlamaq məqsədilə isə açıq tipli tapşırıqlardan istifadə ediləcək. Bu da son dərəcə vacib və zəruri məqamlardan biri olub, şagirdlərdən tələb olunan bacarıq və vərdişlərin yoxlanılması və qiymətləndirilməsi üçün son dərəcə önəmlidir. Hər şeydən əvvəl ona görə ki, təhsil təkcə nəzəri biliklərdən ibarət deyil. Şübhəsiz ki, buraxılış və qəbul imtahanlarının yüngüllük və ağırlıq dərəcələri də nəzərə alınacaq. Çünki məzunların heç də hamısı təkcə ali məktəblərə sənəd vermir. Bir də ki, belə bir təcrübə dünyanın bir sıra ölkələrində, o cümlədən qonşu Rusiya və Türkiyədə neçə ildən artıq müddətdir ki, uğurla tətbiq olunur. Hesab edirəm ki, imtahanlara əvvəlki yanaşmaya nisbətən daha sadə, optimal və məqbul hesab ediləcək bu modelə keçilməsində biz hələ müəyyən qədər ləngimişik. Belə bir modeli tətbiq etmək və təkmilləşdirməklə yaxın gələcəkdə buraxılış və qəbul imtahanlarını birləşdirmək yolu ilə təkpilləli vahid imtahan sisteminə keçidə zəmin yarada bilərik. Bu isə öz növbəsində həm də məzunlarımızın fiziki və psixoloji yükünü və gərginliyini xeyli azaltmış olar. Əlbəttə, tam dəqiqləşdirilməyə ehtiyacı olan müəyyən məqamlar var ki, bunlara da gedişat prosesində müəyyən redaktələrin və korrektələrin edilməsi istisna olunmur. Hər halda tam və təkmil olmasa belə əvvəlki format ilə müqayisədə “Yeni model” daha sadə, müasir və mütərəqqidir.

- Attestat və şəhadətnamə imtahanlarında hansı dəyişiklik və əlavələr gözlənilir. Yeni fənlərin artırılması gündəmdədir?

- Çox şey gündəmdədir...Yaşayarıq görərik.

- Müəllimlərin işə qəbul imtahanlarında maksimum nəticə göstərən müəllimlər çox az olur. Sizcə, müəllimlər mütləq maksimum nəticə göstərməlidirmi?

- Hər şeydən əvvəl qeyd etmək yerinə düşər ki, müəllimlərin işə qəbulu proseduru və bu prosesi tənzimləməyə yönəlik qaydalar ən çox dəyişikliklərə məruz qalan rəsmi sənədlər içərisində hələ ki, birinciliyini saxlamaqdadır. Xatırladım ki, o qədər də uzaq olmayan bir vaxtlar müəllimlərin işə qəbulu məsələsi tələb-təklif prinsipi əsasında müvafiq təyinatla həyata keçirilirdi. Yəni bütün yerlərə olan tələbat öyrənilir, vakansiyalar Təhsil Nazirliyinə təqdim olunurdu. Həmin vakansiya müqabilində ali məktəbi bitirənlər birbaşa təyinatla yerlərə göndərilirdi. Yəni, tələbata uyğun olaraq bakılı Bakıda qalırdı, şəkili Şəkiyə göndərilirdi. Ən pis halda, deyək ki, Zaqatala rayonunda məsələn, tarix müəllimi ixtisası üzrə boş yer olmadıqda, həmin müdavim qonşu Balakən rayonunda yerləşdirilirdi. Ailə vəziyyəti və digər əsaslı səbəblərə görə azad (sərbəst) təyinat alanlar isə rayon (şəhər) təhsil şöbələrində növbəyə yazılaraq, ixtisasları üzrə vakant yerlərin açılmasını gözləyirdilər. Ayrı-ayrı məktəblərin vakansiyaları “Azərbaycan müəllimi” qəzetində dərc edilirdi. Bundan əlavə hər məktəbin girişində müvafiq vakansiyalar yerləşdirilirdi. Məktəbdə direktor, müavin, psixoloq, metodbirləşmə rəhbəri və digərləri daxil olmaqla 9-11 nəfərdən ibarət xüsusi komissiya fəaliyyət göstərirdi. Komissiya müəllimin açıq dərsini dinləyir, müsahibə aparır və müvafiq rəyi təqdimata əlavə etməklə müəllimin namizədliyini rayon (şəhər) təhsil şöbəsinə təqdim edirdi. Ondan sonra yerli təhsil orqanı əmr verirdi. Sonralar bütün bu prinsiplər arxivə göndərildi və müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada həyata keçirilməyə başladı. İlkin olaraq müəllimlərin işə qəbulu qaydaları 70 maddədən ibarət idi. Bu, müəyyən problemlər və narazılıqlar yaratdı. Bir müddət sonra qaydalar nisbətən yüngülləşdirildi və 35 maddəyə salındı. Bu qaydalar da müəllimlərin işə qəbulunda lazımi şəffaflığı, obyektivliyi və tamlığı təmin etmədiyindən özünü lazımi şəkildə doğrultmadı. Hətta, “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 aprel tarixli qərarında müvafiq dəyişikliklərin edilməsinə baxmayaraq, xüsusilə də regionlarda vakant yerlərin doldurulması üçün effektiv və işlək mexanizm rolunu oynaya bilmədi. Halbuki, bizdə pedaqoji kadrların sayı normadan 2 dəfədən də artıqdır. 2014-cü ildə qəbul edilən “Azərbaycan Respublikası Pedaqoji kadrlarının yerdəyişməsi və qaydaları”nda da yer alan qəliz, çoxpilləli müsahibələr və müsabiqələrin ziddiyyətləri ortaya çıxdı. Bundan sonra 2017-2018-ci tədris ilinə ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi üzrə müsabiqənin təşkili və keçirilməsi prosesinin tənzimlənməsi məqsədi ilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi qaydaları” təsdiq edildi. Beləcə, Təhsil Nazirliyinin 28.03.2016-cı il tarixli 165 nömrəli əmri qüvvədən düşmüş hesab edilib.

Təhsil Nazirliyi yetkililərinin son açıqlamalarında müəllimlərin işə qəbulunun yerlərə verilməsi və məktəb direktorlarının da işə təyinatının yerli təhsil şöbəsi tərəfindən aparılması barədə fikirlər səsləndirilməsi onu göstərir ki, “MİQ”-in taleyinə hələ ki, tam aydınlıq gətirilməyib. “Qaydaları tez-tez dəyşməklə nəyə nail oluruq?! Nə vaxta qədər müəllimlərin ixtisas və peşə hazırlığı cəhətdən “yararsızlığını”, diplomlarına inamsızlığını səbəb gətirərək onları imtahana çəkməyin yolları barədə fikirləşəcək, çıxış yolunu qaydaları dəyişməkdə görəcəyik? Bəlkə, hədəfi diplom alana yox, diplom verənə yönəltməyin vaxtı çatıb…?

- Həmin imtahanlarda az bal toplayanlar rayonlara, kəndlərə göndərilir. Bu düzgün addımdırmı?

- Ən absurd addımdır. Ölkə başçısının regionların inkişaf etdirilməsinə dair sərəncamları var. Regionların inkişaf etdirilməsi yalnız yol çəkilməsi, iaşə və məişət obyektlərinin tikilməsi, park və xiyabanların salınması demək deyil. Regionlarda təhsil, səhiyyə, mədəniyyət inkişaf etdirilməlidir. Təkcə modul tipli məktəblərin tikilməsi ilə də iş bitmir. Yüksək bal toplayanları mərkəzdə saxlamaq, aşağı bal toplayanların üzünü ucqarlara döndərmək bu, nə deməkdir? Bazarlarda meyvə- tərəvəzi çeşidləyərlər, müəllim bazar adamı deyil. Bazar iqtisadiyyatının sərt qanunlarını bu zümrəyə tətbiq etmək təhsili bazar qanunlarına tabe etdirmək deməkdir...

Şəfiqə Nazimqızı

İmtahanlarda az bal toplayan müəllimlərin kəndlərə göndərilməsi ən absurd addımdır