İş təcrübəsi olmayan, yəni orta və ya ali məktəbi yenicə bitirmiş gənclər müraciət etdikləri, CV yolladıqları şirkət və müəssisələrdən cavab ala bilmirlər. Ən yaxşı halda “sizinlə əlaqə saxlanılacaq” kimi şablon cavab verilir.

Latın dilindən götürülmüş CV- Curriculum Vitae, “həyat təqvimi” mənasına gəlir və bir şəxsin iş və ya təhsil üçün müraciət formasına/ərizəsinə əlavə olunan, onun iş təcrübəsini, bilik və qabiliyyətini, şəxsin haqqında əsas informasiyanı verən bir sənəddir. CV-yə “rezyume” də deyilir.

Niyə iş təcrübəsi olmayanların müraciəti cavabsız qalır? Open.az məsələni araşdırıb.

Open.az-a açıqlama verən gənc mütəxəssis Nemət Məhərrəmov indiyə qədər 20-dən çox yerə CV göndərdiyini bildirib: “Ola bilər, bəzi elanlarla CV-im arasında uyğunsuzluq olsun. Amma əksər şirkətlərdə fikrimə görə heç onu açıb baxan da yoxdur. CV-ni qəbul edib etməməkləri barədə isə ümumiyyətlə xəbərdarlıq gəlmir. Səbəb kimi əsas etibarı ilə tanışlıq amilini görürəm. Çünki, əksər müəssisələrdə İnsan Resursları (HR) sistemi demək olar yalnız tanış insanları işə cəlb etməklə kifayətlənir. Yeni kadrların nə dərəcədə yararlı olması onlar üçün maraqlı deyil. Fikrimcə, kiməsə pul qarşılığında CV hazırlatmaq da qeyri-peşəkarların işidir. Çünki özün haqqında ən dolğun informasıyanı yalnız sən özün qeyd edə bilərsən. Təbii ki, müəyyən yerlərdən ideya əldə etmək normal bir haldır. Amma hər halda yenə də hazırlamaq öz əlimizdədir.”

Turizm şirkətində menecer vəzifəsində çalışan Günay İsrəfilova 50 yaxın yerə CV yolladığını deyir: “Dörd beşinə cavab gəlib. Məncə, iş elanları reklam xarakterlidir. Artıq işçi lazım olmadığı üçün onlara baxılmır. Düşünürəm, xarici görkəm də burada müəyyən qədər rol oynayır. Qadınların kişilərə nisbətən daha çox müsahibəyə çağırılmasına səbəb də budur”.

İnsan Resursları mütəxəssisi Saleh Həsənov Open.az-a vakansiya elanının verilməsinin işçi tələbindən irəli gəldiyini söyləyib: “Nəzərə alsaq ki, müəssisə ona vaxt və maddi xərc sərf edir, o zaman vakansiyanın görüntü naminə verilməsi real deyil. Sadəcə müəyyən səbəblərdən bəzən vakansiya ya ləğv edilir, ya da dondurulur. Bu zaman namizədə ya məlumat verilmir, ya da namizədin vakansiyaya uyğun olub olmaması haqqında xəbərdarlıq edilmir. Bu da namizədin müəssisəyə və elana inamsızlığına gətirib çıxarır. Yəni bu artıq İnsan Resursları mütəxəssisinin səriştəsizliyinə bağlı məsələdir. Hər halda işlə bağlı müraciət etmiş şəxsə qısa da olsa, məlumat verilməli, vakansiyaya son müraciət tarixi bildirilməlidir”.

Ekspert İnsan Resursları mütəxəssislərinin obyektivliyinə də münasibət bildirib: “CV-yə baxan şəxsin obyektivliyi də ən böyük problemlərdən biridir. Bu sahədə peşəkarların az olması və çalışanların özlərini inkişaf etdirməyə hər zaman meylli olmaması, şirkətlərin sistemləri avtomatlaşdırmağa çox da həvəs göstərməməsi obyektivlik baxımından bir çox sual yaradır. Ümumilikdə isə bu kimi problemin kökündə əmək bazarında rəqabətliliyin zəif olması dayanır. CV və müşayiət məktubunun peşəkar yazılması namizədin müsahibəyə gedən ən effektiv yoludur. Onun cəlbediciliyi yalnız dizaynı ilə deyil, tərtibat zamanı bilik və bacarıqlarının əks etdirilməsi, müsbət tərəflərinin qabardılması ilə işə qəbul üzrə mütəxəssisin nəzərini cəlb etməlidir. İnsan Resursları mütəxəssisləri CV-də daha çox elan etdiyi vakansiyanın vəzifə təlimatına uyğun olub olmamasını yoxlamalı, qoyulan kriteriyə və standartlara cavab verib-vermədiyini dəqiqləşdirməlidir. Daha çox vakansiyanın tələbləri və təcrübə qisminə, əgər təcrübə tələb olunursa, çalışdığı yerlərdə gördüyü işlər, bilik və bacarıqlarına diqqət yetirmək bizim üçün önəmlidir. Bir İnsan Resursları mütəxəssisi kimi hər zaman namizədin öz üzərində çalışdığını əks etdirən məlumata daha çox diqqət yetirməyə və həmin namizədlərin də müsahibədə iştirakını təmin etməyə çalışıram”.

Arayış: CV hazırlanması ilə bağlı müəyyən tələblərə əməl etmək məsləhətdir. Onun həcmi nə çox böyük, nə də çox kiçik olmalıdır. HR-rın CV ilə tanış olmağa çox vaxtı yoxdur. Ona görə də 3-4 səhifəlik kifayət edər. Daha çox rəsmi formada olan və son zaman çəkilən şəklin olması yerinə düşər. Göstərilən əlaqə nömrəsi, e-mail ünvanı aktiv olmalıdır. Məlumat düzgün qeyd edilməlidir. Çox qabardılmış yalan məlumat namizədi etibarsızlaşdıra bilər. Qrammatik və orfoqrafik səhvlərə əvvəlcədən düzəliş edib, daha sonra göndərmək lazımdır. Əvvəlki iş yeri haqqında və vəzifə öhdəliyi barədə məlumat düzgün qeyd edilməlidir. İş təcrübəsi olmayan gənclər iştirak etdiyi könüllü tədbirlər, təlimlər, sosial fəaliyyət haqqında qısa məlumat verə bilər. Şriftin ölçüsünə, rənglərə də fikir verilməlidir.

Günay Qoşqarqızı