Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi tərəfindən iyulun 12-də Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib.

Open.az xəbər verir ki, FHN-dən verilən məlumata görə məşqin keçirilməsində məqsəd rəhbər və komandir-rəis heyətinin fövqəladə hallara operativ reaksiyavermə üzrə hazırlıq səviyyəsinin yoxlanılması, fövqəladə hal şəraitində birgə fəaliyyətlərinin uzlaşdırılması, fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsi üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, məşqin təşkili və keçirilməsi, eləcə də onlara işçi sənədlərin hazırlanması üzrə bacarıq və vərdişlərin aşılanması olub.

Məşqin gedişində Departamentin aparatının və struktur bölmələrinin tabeli qurumlarının fövqəladə hal barədə xəbərdar edilməsi, iş rejimi (hazırlıq) dərəcələrinə gətirilməsi, zədələnmə ocağında vəziyyətin qiymətləndirilməsi, qərarın qəbul edilməsi, hərtərəfli təminatın və koordinasiyanın təşkili, əməliyyat əmrinin verilməsi, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması, xilasetmə əməliyyatlarının başa çatdırılması zamanı idarəetmənin təşkili sualları işlənilib.

Məşq zamanı vəziyyətin mürəkkəbləşdirilməsi məqsədi ilə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin, eləcə də Yasamal və Səbail Rayon Mənzil-Kommunal Təsərrüfat birliklərinin inzibati binalarında 3 fövqəladə hadisə müəyyənləşdirilib.

Baş vermiş fövqəladə hallar üzrə siqnallar əsasında Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəhbər və mülki müdafiə qüvvələrinin komandir-rəis heyəti xəbərdar edilib, “Yüksək” hazırlıq rejimi və “Fövqəladə” rejim dərəcələrinə gətirilib. Aidiyyəti qurumların məlumatlandırılması, obyekt mülki müdafiə qüvvələrinin hadisə baş vermiş əraziyə çıxarılması, vəziyyət barədə məlumatların toplanması, təhlili və qiymətləndirilməsi, cəlb olunacaq əlavə qüvvələrin tərkibinin müəyyənləşdirilməsi, baş vermiş fövqəladə hadisənin nəticələrinin aradan qaldırılması üzrə təkliflərin təqdim edilməsi və qərarın qəbulu, tabeçilikdə olanlara tapşırıqların qoyulması və çatdırılması, idarəetmənin, qarşılıqlı fəaliyyətin, hərtərəfli təminat üzrə tədbirlərin təşkil edilməsi və yerinə yetirilməsi, əlavə qüvvə və vasitələrin cəlb edilməsilə bağlı aidiyyəti üzrə müraciət edilməsi, eləcə də qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi zamanı idarəetmə üzrə digər tədbirlərin yerinə yetirilməsi fəaliyyətləri icra olunub, müəyyən olunmuş qaydada məruzələr edilib.

Məşqin sonunda Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin iclas zalında vasitəçilərin iştirakı ilə departamentin rəhbər və mülki müdafiə qüvvələrinin komandir-rəis heyətinin xəritə üzrə dinləmələri keçirilib.

Sonda yol verilmiş nöqsanlar rəhbər və komandir-rəis heyətinin diqqətinə çatdırılıb, müvafiq tapşırıq və tövsiyələr verilib.