Bu gün dünyaca məşhur Hollivud ulduzu, pantomim və səs janrının ustası Robin Uilyamsın anadan olduğu gündür.

Robin Uilyams əvvəllər kiçik rollarda yer alsa da onu ilk olaraq "Good Morning, Vyetnam" adlı filmdə bir müxbiri canlandırarkən tanıdıq. Sonra onu "Dead Poets Society" filminin unudulmaz ədəbiyyat müəllimi olaraq gördük. "Cənab Con Keating" rolu artıq bizdən biri olmuşdu.

Özünə məxsus tərzi və fərqli xarakterləri canlandırmaq ustalığı ilə bütün dünyada geniş bir pərəstişkar kütləsinə sahib oldu. Elə bu səbəbdən də "Yaşayan Ən Gülməli Adam" seçilmişdi. 1 Oskar, 2 Emmy, 6 Qızıl Kürə, 6 Qremmi, iki dəfə də Kino Aktyorları Dərnəyinin mükafatlarını qazanan unudulmaz sənətçi "Gəlmiş Keçmiş Ən İstedadlı Yüz Aktyor" siyahısında 63-cü sırada yer almışdı.

Mavi ekranlara yansıdığı qqədər möhtəşəm bir həyatı yox idi Uilyamsın. İşıqlar sönəndə və kameralar bağlananda, depressiyada olduğu həyatına geri qayıdırdı. 70-ci illərdə başlayan narkotika alışqanlığı, ən yaxın dostu Con Beluşinin ölümünə yol açanda bu zəhərdən xilas olmaq istəmişdi. Bunun üçün xeyli mübarizə aparmışdı aktyor. Xüsusi yardımlar almasına baxmayaraq, müalicələri həmişə yarıda kəsir və asılılığı hər gün bir az daha artmağa davam etmişdi.

Ailə həyatında da bəxti heç cür gətirməyən aktyor üç dəfə ailə qurub. Robin Uilyamsın Zelda, Zaçary Pym və Cody Alan adlı üç uşağı var. Son evliliyini 2011-ci ildə tanış olduğu Susan Schneider ilə həyata keçirib. Velosipedə minməyi çox sevən aktyorun səksəndən çox velosipedi vardı. Ölümündən bir müddət əvvəl Parkinson xəstəliyinə yaxalanan aktyor Kaliforniyadakı evində həyatına vida edib. Bəzən bizləri qəhqəhə ilə güldürdü, bəzən isə hıçqırıqlarla ağlatmağı bacardı. Mavi ekranın arxasından izlədiyimiz gülməli aktyorlardan biri olan Robin Uilyams, 63 illik həyatından geriyə bir-birinin ardınca gözəl filmlər qoyaraq aramızdan ayrıldı.