Bir müddət öncə Bakıda plastik qab tullantıları üçün ayrılan “fandomat”ların istifadəyə verilməsini şəhər sakinləri müsbət qarşılayıb. Metronun “20 Yanvar” stansiyasının girişində isə nəinki belə qurğular, heç adi zibil qabı da yoxdur.

Open.az-ın əməkdaşı “Şamaxinka” dairəsindən “20 Yanvar” istiqamətində hərəkət edərkən cəmi bir yerdə, tullantılar üçün nəzərdə tutulan MKİS 59 dəmir zibil yeşiyinin olduğunu müşahidə edib. Ərazidə təmizlik işinə baxan xanım əməkdaş isə məcbur qalıb siqaret kötüklərini və su qablarını yerdən toplamaqla məşğuldur. Metro stansiyasının girişi və “Azərsu” ASC-nin binasının önündə yerləşən bu məkan həm də insanların asan görüş yeridir.

Məsələ ilə bağlı Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətindən Open.az-a verilən məlumatda ərazinin hər yerində zibil qutularının olduğu bildirilib: “Bizdə rayon ərazisində bütün küçələrdə zibil qabı var. Səhər saat 6:00-dan etibarən təmizliyin aparılmasına nəzarət edirik. Bunu araşdırmaq lazımdır. Bəzən elə olur ki, zibil qablarını sakinlər, vətəndaşlar oğurlayır”.

Samir Oruc