Nevada ştatının Atletika Komissiyası rusiyalı döyüşçü Həbib Nurməhəmmədovdan sonra irlandiyalı samboçu Konor Makqreqoru da müvəqqəti olaraq UFC-dən diskvalifikasiya edib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, hər iki döyüşçünün diskvalifikasiyası oktyabrın 15-dən 24-dək, yəni döyüşçülər barədə sanksiyaların qərarına qədər davam edəcək.

Qeyd edək ki, Həbib Nurməhəmmədov ötən gün "İnstagram" hesabında UFC-ni təhdid edib. O, UFC tərəfindən sanksiyaların yalnız onun komandasına tətbiq edildiyini, Makqreqorun cəzasız qaldığını bildirib. Döyüşçü belə davam edəcəyi təqdirdə UFC ilə aralarında bağladığı müqaviləni cıracağını qeyd edib.

Xatırladaq ki, Nurməhəmmədov bazar günü Las-Veqasda keçirilən UFC çempionatında irlandiyalı samboçu Konor Makqreqora qalib gəlib və çempion titulunu qoruyub. Döyüşdən sonra Nurməhəmmədovun özü də daxil olmaqla, hər iki komandanın nümayəndələri arasında dava baş verib.

ABŞ-ın Nevada ştatının Atletika Komissiyası hadisə ilə bağlı araşdırma aparacaq. UFC-nin prezidenti Deyn Uayt bildirib ki, rusiyalı döyüşçü proses başa çatana qədər qonorar almayacaq.

Gülnar Qafarlı