ABŞ öz vətəndaşlarına Dağlıq Qarabağa səfər etməməyi məsləhət görür. "Eyni zamanda, biz Amerika vətəndaşlarını Krıma da səfər etməməyə çağırırıq".

Open.az xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə Dövlət Katibinin köməkçisinin müavini Corc Kent deyib.
O, qeyd edib ki, Amerika vətəndaşlarının, diplomatlarının işğal olunmuş torpaqlara getməsi tövsiyə olunmur və mən də getmirəm.
C. Kent Los-Ancelos dairəsinin Qlendeyn şəhərində küçənin "Artsax" adlandırılmasına da münasibət bildirib: "ABŞ-da bələdiyyə rəsmiləri yerli şura kimi fəaliyyət göstərərək küçə adının dəyişdirilməsinə dair qərar çıxara bilərlər. ABŞ federal agentliklərinin Dağlıq Qarabağa çağırılmasına dair isə deyə bilərəm ki, biz bu əraziyə Dağlıq Qarabağ deyirik. Hesab edirəm ki, bu münaqişənin həlli BMT qətnamələri və Madrid prinsipləri əsasında baş tutmalıdır. Həmin prinsiplər isə ərazi bütövlüyünə hörmət, güc tətbiq olunmaması və xalqların öz müqəddəratını təyin etməsidir".

C.Kent ölkəmizdə keçirdiyi görüşlərdə Azərbaycanın Əfqanıstanın problemlərinin həllinə çox böyük dəstək göstərdiyini vurğuladığını da bildirib: "Müəyyən dövlətlər var ki, enerji amilini silah kimi istifadə edirlər. Düşünürəm ki, "Cənub Qaz Dəhlizi" kimi layihələr enerji təhlükəsizliyində öz təminatını verir. Görüşdə həmçinin, kiber təhlükəsizliyi kimi məsələlərə də toxunduq. Bildirdik ki, biz təhlükəsizlik deyəndə sadəcə olaraq silah, yaxud artilleriyanı nəzərdə tutmuruq"