"Üstü qalsın" rubrikasının dördüncü ziyarəti üçün fəqlilik etmək qərarına gəldim. Bu səbəbdən Bakıda bir neçə yerdə fəaliyyət göstərən "Vapiano" restoranın "Sahil" metrostansiyasının yaxınlığında yerləşən filialına üz tutdum.

Öncə onu deyim ki, Malakan bağının yanında yerləşən "Vapiano" bir italyan restoranıdır. Bu məkan Avropa, Asiya, Cənubi və Şimali Amerikada həmçinin Avstraliyada illərdir fəaliyyət göstərir.

Restorana daxil olan kimi məni bir işçi qarşıladı və kart təqdim etdi. Siz bu kartla verdiyiniz sifarişlərin hesabını qapıda ödəyə biləcəksiniz. Yəni, yeməyinizi bitirdikdən sonra ofisiantı çağırıb, hesab istəmək kimi məsələlərdən azad olursunuz. Məkanın geniş və fərqli dizaynı həqiqətən xoş təəssürat bağışlayır. Restoran siqaret çəkmək istəyənləri də nəzərə alaraq, kiçik guşə ayırıb. Burada olan masalar isə hündür və alçaq olaraq iki yerə ayrılıb. Kimə hara rahatdırsa, orada əyləşə bilər.

Bakıda ən çox ziyarət olunan italyan restoranı - Üstü qalsın

Restoranın daha bir fəqli cəhəti təqdim olunan yeməklərin müştərinin gözü qarşısında hazırlanmasıdır. Burada açıq mətbəx fəaliyyət göstərir. Özüm üçün mətbəxə yaxın bir yer seçdim. Ofisiant dərhal masamı təmizlədi və mən əyləşdim. Əgər bu restorana ilk dəfə gedirsinizsə, mənim kimi ofisiant gözləməməlisiniz. Özünüz mətbəxə yaxınlaşıb, sifarişinizi verməlisiniz. Bunun üçün isə mətbəx üç yerə ayrılıb. Birinci hissədə pizza, ikincidə salat, üçüncüdə isə spagetti yaxud pasta sifariş verə bilərsiniz.

Qeyd edim ki, açıq mətbəxlərin hər biri öz təmizliyi və aşpazların səliqəsi ilə seçilirdi. Burada hər bir aşpaz təmiz formada fəaliyyət göstərir. Təqdim edilən məhsulların saxlanıldığı vitrinlər isə sanitar qaydalara tam şəkildə uyğun gəlirdi. Onu da əlavə edim ki, siz hər məhsulu sifariş verdikcə qapıda təqdim edilən kartı mətbəxin önündə qoyulan ödəmə sisteminə yaxınlaşdırmalısınız. Bu zaman sizin hesabınız karta yığılacaq və qapıda rahat şəkildə ödəniş edə biləcəksiniz.

İlk olaraq, restoranın məşhur “Reef N Beef” salatını yoxlamaq qərarına gəldim. Qızardılmış dana əti filesi, krevetlər, sobada bişirilən tərəvəzlər, rukkola-xardal sousundan ibarət olan bu salatın dəyəri 10.90 AZN-dir. "Vapiano"da hər kəs özünə xidmət etməlidir. Yəni stəkan, çəngəl, qaşıq və boşqabınızı, hətta salfetinizi belə özünüz servis etməlisiniz. 7 dəqiqə sonra mətbəxdən sözügedən salatın hazır olduğunu bildirdilər. “Reef N Beef” salatının dadının görünüşündən belə gözəl olacağına inanmırdım. Salata qatılan tərəvəzlərin dadı, onların təzə olduğundan xəbər verirdi. Düzdür, menyuda kahının olduğu yazılmasa da, salatda onunla rastlaşdım. Bu salat üçün pomidorlar belə xüsusi ilə seçilib. Qızardılmış dana əti filesi ilə üzərindəki holland pendirinin vəhdəti isə salata xüsusi bir rəng qatırdı. Bu arada, bütün masalarda salatda istifadə etmək üçün zeytun yağı və narşərab da görəcəksiniz.

Bakıda ən çox ziyarət olunan italyan restoranı - Üstü qalsın

"Vapiano"nun pastaları barədə tez-tez yüksək fikirlər səsləndirilir. Mən də “Crema Di Funghi” adlı pasta sifariş verdim. Pastada istifadə olunacaq makaronun fiqurunu isə özüm seçdim. Göbələk, qaymaq sousu, toyuq filesi və holland pendirindən ibarət olan bu yeməyin qiyməti 9.90 AZN-dir. Bu yemək isə cəmi 14 dəqiqəyə hazır oldu. Göbələk qızardılarkən yaxud bişərkən çox tez formasını itirsə də, bu yeməkdə siz bunun şahidi ola bilməzsiniz. Bu qədər nazik doğranmasına baxmayaraq, onun formasını itirməməsi yeməyə daha da gözəllik qatırdı. Bir də pastaya qatılan nanə ağız dadımı ara-sıra dəyişərək, məni yeməkdən yormadı. Düşünürəm bu yeməyi xüsusi edən “Crema Di Funghi”nin sousu və istifadə olunan makarondur. Mətbəxin zalın içində olması, yeməklərin burada hazırlanmasına baxmayaraq, məkandan az da olsa qoxu gəlmirdi. Görünür, "Vapiano" yemək qoxusunun müştərilərini narahat etməməsi üçün havalandırma sisteminə xüsusi əhəmiyyət verib.

Bakıda ən çox ziyarət olunan italyan restoranı - Üstü qalsın

“Crema Di Funghi”nin ardınca buranın pizzasının da dadına baxmaq qərarına gəldim. “BBQ Chicken” adlı pizza toyuq, barbekyu-sousu, brusketta, qırmızı soğan, tomat sousu və mozarella pendirindən ibarətdir. Qiyməti isə 10.90 manatdır. Bu pizza xəmirinin incəliyi və keyfiyyəti ilə digər restoranlarda verilən pizzalardan seçilirdi. Ümumilikdə isə pizzanın dadı bir o qədər də möhtəşəm deyildi. Yəni, bundan öncə verilən iki yeməkdə qarşılaşdığım “vau” effekti “BBQ Chicken”da özünü doğrultmadı. İtaliyanın pizzada ixtisaslaşdığını nəzərə alsaq, “BBQ Chicken”ın tam fərqli bir dadda olması mütləq idi.

Bakıda ən çox ziyarət olunan italyan restoranı - Üstü qalsın

Sonda kartımı götürüb, qapıya yaxınlaşdım. Restorana daxil olarkən mənə təqdim edilən kartı işçiyə qaytardım. Kart yoxlanıldıqdan sonra ödəməli olduğum məbləğin 40,90 AZN təşkil etdiyi məlum oldu. Onu da deyim ki, restoranda özünüz özünüzə xidmət etdiyiniz üçün servis haqqı hesaba daxil edilmir. Əgər istəsəniz, bunun üçün ayrılmış qutuya pul ata bilərsiniz. Son nəticə olaraq deyə bilərəm ki, restoranın xoş aurası, sakitliyi və genişliyi həqiqətən də müsbət təsir bağışlayır. Özünə xidmət isə bu məkanı daha da maraqlı edir. Yeməklərin fərqli dizaynda servisi və keyfiyyəti isə bu restoranı sizə məsləhət görməyimə kifayətdir.

QEYD: Siz də bu məkanla bağlı öz fikirlərinizi müzakirə etmək istəyirsinizsə, “Üstü qalsın” rubrikamızın “Onbranch” tətbiqindəki qrupuna üzv ola bilərsiniz.

Həmçinin, “Onbranch”da qeydiyyatdan keçərək, “Vapiano” restoranın menyusu ilə tanış ola, rezervasiya xidmətindən istifadə edə bilərsiniz.

Rəvan Rəd

Bakıda ən çox ziyarət olunan italyan restoranı - Üstü qalsın