"Şəhid vərəsələrinə birdəfəlik ödəniş olunması üçün bu il dövlət büdcəsindən 58 milyon manat vəsait ayrılıb".

Open.az "Report"a istinadən xəbər verir ki, bunu mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

"Ola bilər ki, bir şəhidin bir neçə vərəsəsi olsun, bu məsələni notariat orqanları həll edəcək. Bunun üçün sabahdan etibarən qeyd olunan şəxslər notariuslara müraciət etməlidirlər. Notarius orqanlarından 3 gün ərzində nazirliyə məlumat daxil olacaq. Ona uyğun olaraq toplanmış məlumatları ayda bir dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Maliyyə Nazirliyinə ödəmə üçün göndərəcək".

Qeyd edək ki, dövlət başçısının "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanı ilə qeyd edilən kateqoriyaya aid olan hər bir şəhid ailəsinin vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə həyata keçirililəcək.